Yasamalda yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb - FOTO/VİDEO - YENİLƏNİB 4
21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
*** ***
21:25
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb.
“TV1” in əldə etdiyi ilkin məlumata görə, yanğın nəticəsində ölənlərdən biri yeniyetmədir. Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən binanın elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.
Mənzillər yanğından mühafizə olunub.
*** ****
21:12
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın binanın şaxtasında olan kommunikasiya xətlərindən başlayıb.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ehtiram Xəlilov məlumat verib.
Onun sözlərinə görə, bina sakinləri təxliyə edilib:
“Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, sakinlərin bəziləri tüstüdən zəhərlənib”.
**** ****
20:55
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb.
“TV1” xəbər verir ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.
*** ***
20:10
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.








