Yasamalda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb
Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Oktyabrın 16-da Yasamal rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş iki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
“TV1” xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov 38 yaşlı Rüfət Həziyev saxlanılıb.
Həmin şəxslərdən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.