Yaşıl enerji dəhlizləri: Azərbaycanın yeni geosiyasi xəritəsi

media-ads_728_90

Qarabağ: Müharibədən sonra “yaşıl gələcək”

Qarabağ uzun illər dağıntı, itki və fasilə ilə yadda qaldı. Bu gün isə regionun adı tədricən başqa bir anlayışla yanaşı çəkilir – yaşıl enerji. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan etməsi sadəcə ekoloji qərar deyil, postmünaqişə dövrü üçün tamamilə yeni inkişaf modelidir.

Regionun bərpa olunan enerji potensialı 10 giqavat həcmində qiymətləndirilir. Günəşli iqlim, dağlıq relyef və zəngin su ehtiyatları Qarabağı alternativ enerji üçün ideal məkana çevirir. Bu təsadüfi deyil. Çünki məqsəd dağıdılmış əraziləri köhnə texnologiyalarla yox, gələcəyin enerji modeli ilə dirçəltməkdir.

Burada tikilən hər günəş və su elektrik stansiyası təkcə enerji mənbəyi deyil, həm də siyasi və iqtisadi mesajdır: Qarabağ bərpa olunur və bu bərpa dayanıqlı olacaq. Yeni kəndlər, “ağıllı şəhərlər”, istehsal sahələri məhz bu enerji üzərində qurulur.

Ən vacibi isə budur ki, Qarabağ yaşıl enerji baxımından sadəcə daxili ehtiyacları qarşılayan region olmayacaq. O, Azərbaycanın ümumi enerji balansında mühüm paya malik, ixracyönümlü enerji mərkəzinə çevrilə bilər.

media-berpaolunan-enerji

Avropaya uzanan yaşıl xətt

Avropa bu gün enerji təhlükəsizliyi baxımından tarixi dönəmdən keçir. Karbonsuzlaşma hədəfləri, Rusiya qazından asılılığın azaldılması və enerji şaxələndirilməsi yaşıl enerjini geosiyasətin mərkəzinə çıxarıb.

Bu nöqtədə Azərbaycan yeni rol təklif edir – yaşıl enerji körpüsü. Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi təkcə texniki layihə deyil, strateji təşəbbüsdür. Bu dəhliz vasitəsilə Xəzərin külək enerjisi Avropa bazarına çıxarıla bilər.

Azərbaycanın üstünlüyü ondadır ki, ölkə artıq enerji ixracçısıdır və mövcud infrastruktur, siyasi etibarlılıq bu keçidi asanlaşdırır. İndi qaz kəmərlərinin yanına elektrik enerji xətləri də əlavə olunur.

Bu, Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Artıq söhbət təkcə qazdan yox, karbonsuz enerji tərəfdaşlığından gedir. Bu isə uzunmüddətli və strateji əməkdaşlıq deməkdir.

media-yasil-enerj

Masdar, ACWA, BP: yaşıl enerji Azərbaycanın yeni investisiya pasportu

Enerji bazarında bir qayda var: böyük investorlar risk olan yerə gəlmir. Bu baxımdan Azərbaycanın yaşıl enerji sektoruna Masdar, ACWA Power və BP kimi nəhənglərin daxil olması çox şey dəyişir.

230 və 240 meqavatlıq günəş stansiyaları sadəcə rəqəmlər deyil. Bunlar Azərbaycanın enerji siyasətinə verilən qlobal etimad səsidir. BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələrin özləri də enerji istehsalçısıdır. Onların Azərbaycana investisiya yatırması ölkənin düzgün yol seçdiyini göstərir.

Bu investisiyalar həm də mesajdır: Azərbaycan yaşıl enerji bazarında şəffaf qaydalar, uzunmüddətli strategiya və dövlət zəmanəti təqdim edir. Məhz buna görə Çin və Türkiyə şirkətləri də prosesə qoşulmağa hazırlaşır.

Nəticə etibarilə yaşıl enerji artıq təkcə ekoloji məsələ deyil. Bu, Azərbaycanın yeni investisiya brendidir. Neft ölkəsindən – yaşıl enerji platformasına doğru atılan addımların arxasında məhz bu reallıq dayanır.

“TV1”

 

media-ads_728_90
Paylaş