“Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

media-ads_728_90

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib.

“TV1” xəbər verir ki, müzakirədə hüquqşünas Ərşad Hüseynov, Birliyin sədri Elməddin Muradlı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən, DİN Baş DYP İdarəsindən, Fövqəladə Hallar Nazirliyindən rəsmilər, ekspert və media nümayəndələri iştirak edib.

E.Muradlı qeyd edib ki, bu günə qədər nəqliyyat hadisələrinin düzgün təsnifatı aparılmayıb.

O, yol-nəqliyyat hadisələrində sürət həddinin aşılması, piyadaların qaydalara əməl etməsi ilə bağlı məsələlərə diqqət çəkib: “Bu təsnifatı hazırlayanda gördük ki, bir çox nəqliyyat hadisələrinin qarşısını ala bilərik. Piyadaların keçidlərdən düzgün istifadə etməsi üçün çəpərlənmə işlərinə ehtiyac var. Baş verən qəzaların əksəriyyəti həmin keçidlərin ətrafında baş verir”.

Ərşad Hüseynov isə vurğulayıb ki, dünyada aparılan statistikaya görə nəqliyyat hadisələrində ən çox zərərçəkənlər 9-29 yaş arasında olan gənclərdir: “Cəmiyyətdə təhlükəsizlik davranışını tam dərk etməyənlər var. Hərəkət iştirakçısı olmayan şəxslər yolun hərəkət hissəsində iştikaçılara mane olur. Ən sadə qaydalardan olan dayanma-durmaya əməl edilmir. Yol mədəniyyətini, ictimai təhlükəsizliyi vərdişə çevirmək lazımdır. Yol nəqliyyat hadisələri il ərzində ölkəyə təxminən 3 milyard ziyan vurur. Çünki həm səhiyyə yüklənir, ailədə sosial vəziyyət dəyişir və s.”

Sabiq deputat İltizam Yusifov son 20 ildə yol-nəqliyyat hadisələri 2 dəfə azaldığını qeyd edib: “2015-ci ilədən bu günə kimi yollarda avtomobil sıxlığı artıb. Bəzən düşünürlər ki, bizdə adambaşına düşən avtomobil sayı çoxdur. Amma 1000 nəfərə düşən abtomobil sayına görə siyahıda çox geridəyik”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov infrastrukturdakı yeniliklərdən danışıb: “İctimai avtobus parkının yenilənməsi həyata keçirilir. Eyni zamanda piyadalar və velosipedçilərə münasibətdə infrastruktur layihələrinə önəm verməliyik. Bu mərhələdə Təbriz küçəsində pilot layihə həyata keçirilir. İslam Səfərli küçəsi Bakıda ən çox tarixi binaların olduğu küçədi. Məqsəd bu küçəni əsasən piyadalaşdırmaqdır. Amma tranzit küçə kimi də yol saxlanılacaq”.

DİN-in Mətbuat xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov əlavə edib ki, son illərdə nəqliyyat hadisələrinin ciddi şəkildə azalıb.

O, bu ilin 6 ayında moped və skuterlərin iştirakı ilə 17 nəqliyyat hadisəsi baş verdiyini və nəticədə 4 nəfərin öldüyünə diqqət çəkib.

FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə Nəqliyyatda baş vermiş yanğın hadisələri ilə bağlı statistikaları nəzər salıb: “ 2023-cü ildə 400 belə hadisə olub və 10 ölüm qeydə alınmışdı. Ötən il bu say 339-a düşüb və 1 ölüm halı olub. Bu il isə iyulun 15-nə qədər olan statistikaya görə 240 yanğın hadisəsi olub. Bu rəqəmlər hər il azalır. Bunun əsas səbəbi maarifləndirmə ilə bağlıdır”.

Daha sonra tədbir müzakirələrlə davam edib.

media-ads_728_90
Paylaş