Yol qəzalarında ölənlərin yarısı piyadalardır - STATİSTİKA

media-ads_728_90

Azərbaycanda yol-nəqliyyat hadisələri ölüm və xəsarətlə nəticələnən əsas səbəblərdən biri olaraq qalır.

“TV1” xəbər verir ki, modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-iyun aylarında ölkədə baş verən yol-nəqliyyat hadisələrində 285 nəfər həyatını itirib.

Statistikaya əsasən, həlak olanların böyük əksəriyyəti əmək qabiliyyətli yaşda olan insanlardır. Belə ki, 25-64 yaş qrupunda 182 nəfər yol qəzasının qurbanı olub.

Diqqət çəkən digər məqam isə 65 yaş və yuxarı şəxslər arasında ölüm hallarının artmasıdır. Əgər ötən ilin ilk yarısında bu yaş qrupunda 37 nəfər həyatını itirmişdisə, bu il onların sayı 49 nəfərə yüksəlib. Bu artım yaşlı insanların yol hərəkətində daha həssas qrup olaraq qaldığını göstərir.

Həyatını itirənlərin 225-i kişi, 60-ı isə qadın olub.

Statistikada ən diqqətçəkən göstəricilərdən biri piyadalarla bağlıdır. Bu ilin ilk altı ayında 131 piyada yol qəzalarında həyatını itirib.

Belə ki, 25-64 yaş arasında 84 piyada, 65 yaşdan yuxarı isə 34 piyada qəzalarda ölüb. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk yarısında 65 yaşdan yuxarı ölən piyadaların sayı 18 nəfər idi.

Ən çox ölüm halları əvvəlki illərdə olduğu kimi minik avtomobillərində qeydə alınsa da, burada azalma müşahidə edilir. Bu ilin ilk yarısında 125 minik avtomobili sürücüsü və sərnişini həyatını itirib.

Əksinə, motosiklet sürücüləri və sərnişinləri arasında ölüm halları artıb. Yanvar-iyun aylarında motosikletlə bağlı qəzalarda 18 nəfər ölüb. 2025-ci ilin eyni dövründə isə bu göstərici 12 nəfər idi. Beləliklə, motosiklet istifadəçiləri arasında ölüm halları bir il ərzində 50 faiz artıb.

Hesabata əsasən, şəhər və şəhərlərarası avtobuslarda baş verən qəzalarda 3 nəfər, digər nəqliyyat vasitələri ilə bağlı hadisələrdə isə 8 nəfər həyatını itirib.

media-ads_728_90
Paylaş