11-ci sinif şagirdini vəhşicəsinə döyüb universitet yataqxanasına atdılar - Elgünün dəhşətli ÖLÜMÜ
Gəncədə küçədə döyülən 18 yaşlı Elgün İbrahimov xəstəxanada vəfat edib.
“TV1” xəbər verir ki, o, 34 nömrəli məktəbin 11-ci sinif şagirdi olub.
Mərhumun atasının sözlərinə görə, Elgün döyülərkən tanınmaz hala salınıb:
“Axşam bacım zəng edib, ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım vəhşicəsinə döyülmüşdü, tanınmaz halda idi”, – deyə o bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 13-də, gecəyarısında 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub:
“Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10-da pasiyentin ölüm faktı qeydə alınıb.”
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 12-də, 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxananın həyətində aldığı xəsarət nəticəsində bu gün müalicə olunduğu xəstəxanada vəfat etməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır.
Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində: