AZAL-ın qəzaya uğramış təyyarəsinin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq
AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
“TV1” xəbər verir ki, onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub. AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Baş vermiş hadisəni araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər. Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Bu barədə Prezidentin mətbuat xidmətinin məlumatında deyilir. Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır. Artıq Prezidentin göstərişilə Baş nazir Əli Əsədovun rəhbərliyilə qəzanın araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılıb. Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.