Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək
İyunun 8-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
“TV1” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Bildirilir ki, Türkiyənin xarici işlər nazir Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili iştirak edəcəyi görüşdə üç ölkə arasında mövcud əməkdaşlıq nəzərdən keçiriləcək və qarşıdakı dövr üçün birgə fəaliyyət sahələrini müzakirə ediləcək.
Görüşün gündəliyindəki əsas mövzuların regional proseslər, xarici siyasət məsələləri və Cənubi Qafqazda əməkdaşlıq, nəqliyyat, regional tranzit şəbəkələrinin gücləndirilməsi və enerji təhlükəsizliyi, ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi olduğu qeyd olunur.
Məlumatda həmçinin bildirilir ki, H.Fidan geosiyasi qeyri-müəyyənliklərin, iqtisadi çətinliklərin və təhlükəsizlik problemlərinin artdığı dövrdə Cənubi Qafqazın strateji əhəmiyyətinin daha da artdığını vurğulayacaq.
Görüşdə ölkələr arasında üçtərəfli əməkdaşlıq mexanizminin bölgədə sabitliyi və rifahı təşviq edən vacib və nəticəyönümlü platforma olduğu, Türkiyənin Azərbaycan və Gürcüstanla güclü və çoxşaxəli əlaqələrinin regional sabitliyə və iqtisadi inteqrasiyaya əhəmiyyətli töhfələr verdiyi vurğulanacaq.
Bakı-Tbilisi-Qars dəmiryolu xətti başda olmaqla Orta Dəhlizdə regional nəqliyyat layihələrinin, gücləndirilməsi, logistika şəbəkələrinin inkişaf etdirilməsi və nəqliyyat imkanlarının artırılması diqqət mərkəzində olacaq.








