Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı qardaşlığa əsaslanır

media-ads_728_90

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin dərinliyi təkcə siyasi bəyanatlarla deyil, həm də konkret əməkdaşlıq mexanizmləri və qarşılıqlı etimad mühiti ilə ölçülür. Bu baxımdan, Azərbaycan ilə Qazaxıstan arasında inkişaf edən əlaqələr təkcə strateji tərəfdaşlıq nümunəsi deyil, həm də ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan qardaşlıq münasibətlərinin parlaq təzahürüdür.

Bu günlərdə Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfərini bu əlaqələrin daha bir mühüm mərhələsi kimi qiymətləndirmək olar. Səfərin Şəhidlər Xiyabanını ziyarətlə başlamasının xüsusi simvolik mənası var. Bu addım qazax xalqının Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda mübarizəsinə dərin ehtiramını ifadə etməklə yanaşı, iki xalq arasında möhkəm mənəvi bağları bir daha nümayiş etdirir.

Müdafiə Nazirliyində keçirilən görüşlərdə tərəflər arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, onun gələcək inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsinin aparılması Azərbaycan-Qazaxıstan münasibətlərinin sistemli və məqsədyönlü şəkildə inkişaf etdiyini nümayiş etdirir. Bu əməkdaşlıq regionun təhlükəsizlik arxitekturasına töhfə verməklə yanaşı, iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından da əhəmiyyətlidir.

Nümayəndə heyətinin Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsi, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsi, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi kimi müxtəlif strukturlarında keçirdiyi görüşlər, Milli Müdafiə Universitetinə və C.Naxçıvan Hərbi Liseyinə tanışlıq səfərləri praktiki əməkdaşlığın geniş spektrini əhatə etdiyini nümayiş etdirir. Xüsusilə kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi və süni intellektə əsaslanan müdafiə mexanizmlərinin təqdimatı müasir çağırışlara cavab verən əməkdaşlıq modelinin yarandığını təsdiqləyir. Bu səfərin əsas məqsədi – qarşılıqlı təcrübə mübadiləsi tərəflər arasında yüksək etimad səviyyəsini və əməkdaşlığın uzunmüddətli strateji xarakter daşıdığını nümayiş etdirir. Ordu quruculuğu kimi həssas sahədə belə açıq və səmimi əməkdaşlıq yalnız dost və qardaş ölkələr arasında mümkündür.

Azərbaycanla Qazaxıstan arasında münasibətlərin kökündə köklü amillər dayanır. Hər iki xalqı birləşdirən ortaq türk kimliyi, tarix boyu formalaşmış qarşılıqlı dəstək ənənələri, mədəni yaxınlıq bu əlaqələri sadəcə olaraq dövlətlərarası münasibətdən çıxarır, qardaşlıq səviyyəsinə yüksəldir. Bu gün siyasi, iqtisadi və hərbi sahədə strateji tərəfdaşlıqla tamamlanan bu qardaşlıq daha da möhkəmlənir.

Azərbaycan-Qazaxıstan münasibətləri regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amillərdən biridir.

İki ölkə arasındakı strateji tərəfdaşlıq və xalqlarımızın sarsılmaz qardaşlığı əməkdaşlığın coğrafiyasını və miqyasını daha da genişləndirərək gələcəkdə də yeni uğurlara yol açacaq.

Qəvami Sadıqbəyli

media-ads_728_90
Paylaş