Azərbaycan və Qazaxıstan arasında ticarətin həcmi 5 dəfə artıb - Yermek Koşerbayev
İkitərəfli münasibətlərdə əsas diqqət ticarət-iqtisadi əməkdaşlığın inkişafına verilir.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev arasında bu gün keçirilən görüşlə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, görüş zamanı bildirilib ki, iqtisadiyyatların resursları qarşılıqlı sərmayələr və sənaye əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı ticarətin həcmini artırmaq potensialına malikdir.
Xarici siyasət idarələrinin rəhbərləri yüksək səviyyədə əldə edilmiş razılaşmaların praktiki icrasının gedişatını ətraflı nəzərdən keçiriblər.
Bildirilib ki, həyata keçirilən tədbirlər sayəsində son 5 ildə qarşılıqlı ticarətin həcmi 5 dəfə artaraq 2025-ci ildə 470,7 milyon dollar təşkil edib.
Eyni zamanda, nazirlər bu rəqəmin 1 milyard dollara çatdırılmasına şərait yaratmağa razılaşıblar.
Tərəflər qabaqcıl infrastruktur layihələrinin – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin və dərin dəniz elektrik kabelinin tikintisinin gedişatını müzakirə ediblər.








