Belçika və Niderland səfirləri XİN-ə çağırıldı - Anti-Azərbaycan sənədlərinə etiraz bildirildi
Belçikanın və Niderlandın Azərbaycandakı səfirləri Julyen de Frepon və Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Qeyd olunub ki, görüşlər zamanı 16 aprel 2026-cı il tarixində Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib.
Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.
Sənədlərdə yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq şəkildə müdaxilə olduğu qeyd edilib.
Bundan əlavə, görüşlər zamanı Azərbaycanın suveren əraziləri ilə bağlı saxta istinadlar, eləcə də Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası, erməni əsilli şəxslərin hüquqları və onların guya qanunsuz həbsi ilə bağlı bütün əsassız ittihamlar qətiyyətlə və sərt şəkildə rədd edilib.
Sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlamentlərinin Spikerləri arasında son görüşlə üst-üstə düşdüyü üçün xüsusilə paradoksal olduğu səfirlərin diqqətinə çatdırılıb.
Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar.
Qeyd edək ki, Niderland və Belçika parlamentlərinin nümayəndələr palataları Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.








