Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş vermiş və çoxsaylı insanın həyatına son qoyan kömür mədənində qəza ilə əlaqədar başsağlığı verib.
“TV1” xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində faciə nəticəsində həlak olanların ailələrinə, eləcə də Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı ifadə olunub.
“Pakistanda, Bəlucistanda çoxsaylı insanın həyatına son qoyan və yaralananların olduğu kömür mədəni qəzası xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsizliyə qovuşmasını arzulayırıq”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində doqquz nəfər ölüb. Qəza zamanı yeraltında qırx iki işçi olub. Onlardan bəzilərinin dağıntılar altında qalması ehtimal olunur.








