Azərbaycanın Özbəkistanda səfiri kimi diplomatik fəaliyyətimə başladım - Rəşad Məmmədov
“Bu gün Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə etimadnaməmi təqdim edərək Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyətimə rəsmi şəkildə başladım”.
“TV1” xəbər verir ki, bu fikirləri Azərbaycanın Özbəkistana səfir təyin olunan Rəşad Məmmədov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Paylaşımda deyilir:
“Görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında yüksək etimada əsaslanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olundu.
Dövlət başçılarımızın müəyyən etdiyi strateji kursa uyğun olaraq iqtisadiyyat, investisiya, nəqliyyat, logistika və digər prioritet istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulandı.
Qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişafı və yeni birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyətimizi daha da genişləndirmək əzmi xüsusi qeyd edildi.
Səmimi qəbul və xoş arzulara görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm”.








