Bakıda Beynəlxalq Bankçılıq Forumu keçirilir
Bakıda iki günlük VIII Beynəlxalq Bankçılıq Forumu keçirilir.
“TV1” xəbər verir ki, forumun əsas mövzuları arasında rəqəmsal transformasiya (rəqəmsal və neobanklar), məlumat və analitika ilə iş strategiyası, ödəniş mənzərəsinin təkamülü (təmassız texnologiyalara keçid), ani, fasiləsiz və uyğun beynəlxalq ödənişlər, mərkəzləşdirilməmiş maliyyə (DeFi) inqilabı, bulud sistemləri və köhnəlmiş texnologiyalar üçün alternativlər, kibertəhlükəsizlik, sabitlik və dayanıqlılıq prizmasından rəqəmsallaşma, ekoloji və dayanıqlı bankçılıq xidməti (ESG) məsələləri var.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Xəlilov tədbirdə bildirib ki, Azərbaycanda “Yaşıl taksonomiya” dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün güclü baza yaradacaq.
“Azərbaycan bank sektoru iqlim dəyişikliyinə qarşı mübarizədə dayanıqlı inkişafı dəstəkləmək üçün iki milyard manat vəsait ayırmaq öhdəliyini üzərinə götürüb. Xüsusilə qeyd etmək istəyirəm ki, bu məqsədlərə uğurla nail olmaq üçün ölkəmizdə “Yaşıl taksonomiya” qəbul edilib. “Yaşıl taksonomiya” investisiyaların ekoloji təsirini qiymətləndirməyə və maliyyə axınlarını ekoloji baxımdan davamlı layihələrə yönləndirməyə imkan verən mühüm çərçivədir. Bu addım təkcə bank sektorunun ekoloji məsuliyyətini artırmaqla qalmır, həm də dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün güclü baza yaradır. Əminəm ki, banklarımız milli inkişafın əsas prioritetlərindən biri olan yaşıl iqtisadiyyata keçidi dəstəkləmək üçün bütün səylərini göstərəcək”, – deyə V.Xəlilov vurğulayıb.