Bakıda Formula 1 yarışı zamanı şəhərdaxili hərəkət üçün əlavə imkanlar yaradılacaq
Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
“TV1” xəbər verir ki, Bakı Şəhər Halqasından verilən məlumata görə, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.
Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.
İlkin məhdudiyyət sentyabrın 19-u saat 21:00-dan etibarən qüvvəyə minəcək. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq olunacaq məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
Bununla yanaşı, son üç ilin təcrübəsinə əsasən, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Belə ki, sentyabrın 21-22-də aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.
Sentyabrın 23-də isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Giriş nöqtələri:
– Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
– M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
– S.Vurğun küçəsindən Ü.Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
– Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
– Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
– Ü.Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
– Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
– İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
– Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesi istiqamətində.
Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.
Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi 50 km/saat olacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi bu il sentyabrın 24-26-da keçiriləcək.








