Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır
ABŞ Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır.
“TV1” xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun gələcək formatı və bu məsələ ilə əlaqədar Amerika tərəfinin mövqeyi ilə bağlı sorğuya cavab olaraq Ermənistan mətbuatına ABŞ Dövlət Departamentindən bildirilib:
“ABŞ hökuməti Azərbaycanla Ermənistanın dayanıqlı və əlverişli sülhün əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılığa gələ və irəliləyişə nail ola biləcəyi istənilən formatda işləməyə hazırıq”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 10-da NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.
Tərəflər Azərbaycan və Ermənistanın tarixi sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəldiklərini qeyd ediblər. /trend/