Formula 1 ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır
Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.
“TV1” xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.
Qeyd edilib ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.