Qazaxıstan Formula-1 Azərbaycan Qran-prisinə marağa görə Mərkəzi Asiyada liderdir
Qazaxıstan Formula-1 Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin sayına görə Mərkəzi Asiya ölkələri arasında lider mövqeyini qoruyur.
“TV1” xəbər verir ki, bu barədə “Kazinform agentliyini”n Bakıda çalışan xüsusi müxbiri Baku City Circuit-ə istinadən məlumat yayıb.
Qazaxıstanlı azarkeşlərin Bakı mərhələsinə marağı artmaqda davam edir. Belə ki, 2022-ci ildən etibarən bu ölkədən bilet satışları hər il ən azı 50 faiz artır. Bu dinamika sayəsində Qazaxıstan Azərbaycan Qran-prisinə bilet alan xarici azarkeşlərin sayına görə ardıcıl olaraq ilk 15 ölkə sırasında yer alır.
2025-ci ildə Bakıdakı yarış üçün biletləri dünyanın 115 ölkəsindən azarkeşlər alıb. Mərkəzi Asiya ölkələri arasında ən çox bilet alanlar ənənəvi olaraq Qazaxıstandandır, ikinci yeri isə Özbəkistan tutur.
Bakı mərhələsinə marağın artması onun Formula-1 təqvimində xüsusi yer tutması ilə əlaqələndirilir. 2026-cı ildə Azərbaycan Qran-prisi 10 illik yubileyini qeyd edəcək. Bakıda ilk yarış 2016-cı ildə Avropa Qran-prisi adı altında keçirilib, 2017-ci ildən isə yarış Azərbaycan Qran-prisi kimi təşkil olunur. Bu müddətdə Bakı Şəhər Halqası çempionatın ən tanınmış şəhər traslarından birinə çevrilib.
Uzunluğu 6,003 kilometr olan trek Xəzər dənizi sahili boyunca uzanan sürətli düzlükləri şəhərin tarixi hissəsindəki dar döngələrlə birləşdirir. İçərişəhər ərazisində trasın ən dar hissəsinin eni cəmi 7,6 metrdir.
Bakı mərhələsi həm də yüksək sürəti ilə seçilir. Bolidlər bəzi hissələrdə saatda 350 kilometrdən çox sürət yığır. Sürətli düzlüklər, kəskin əyləcləmə nöqtələri və mürəkkəb şəhər döngələrinin vəhdəti Bakı yarışını Formula-1 mövsümünün ən gözlənilməz mərhələlərindən birinə çevirir.
Yubiley münasibətilə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi geniş əyləncə proqramı ilə də yadda qalacaq. Yarış həftəsonu çərçivəsində dünya şöhrətli müğənni Keti Perri və məşhur DJ və prodüser Kelvin Harris Bakıda çıxış edəcəklər.
Formula-1 Azərbaycan Qran-prisinin yubiley mərhələsi 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək.
Bundan əvvəl isə paytaxtda klassik və sürətli avtomobillərin festivalı təşkil olunmuşdu və bu tədbir avtomobil mövsümünün ən yaddaqalan hadisələrindən biri hesab edilir.








