Ronaldu və Bellinqem dünya çempionatının tarixinə düşüblər

media-ads_728_90

Futbol üzrə dünya çempionatının qrup mərhələsində ötən gecə keçirilən oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.

“TV1” FIFA-ya istinadən xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu qrup mərhələsində vurduğu qollarla dünya çempionatları tarixinə düşüb. O, altı mundialda qol vuran ilk futbolçu olub. Hazırda 41 yaşı olan Ronaldu, eyni zamanda, dünya çempionatı tarixinin ikinci ən yaşlı qol müəllifi kimi rekordçular siyahısına daxil olub.

Portuqaliya millisinin kapitanı turnirdəki növbəti qolu sayəsində əfsanəvi Eusebionu geridə qoyaraq ölkəsinin dünya çempionatlarındakı ən məhsuldar futbolçusuna çevrilib.

İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem isə 22 yaşında milli komandada 50-ci oyununa çıxaraq bu göstəriciyə çatan ən gənc futbolçu olub.

İngiltərə millisi topa 79 faiz sahib olmasına baxmayaraq, qolsuz heç-heçə ilə kifayətlənib. Bu, ingilislərin dünya çempionatları tarixində qeydə alınan 13-cü qolsuz bərabərliyi olub. Onlar bu göstəricidə digər bütün milliləri qabaqlayırlar.

Bundan başqa, Ronaldu və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçin qələbələri sayəsində dünya çempionatları tarixində ilk dəfə bir gündə iki 40 yaşdan yuxarı futbolçu qalib komandanın heyətində yer alıb.

Xatırladaq ki, K qrupunda Portuqaliya Özbəkistanı 5:0, Kolumbiya Konqonu 1:0 hesabı ilə üstələyib. L qrupunda isə Xorvatiya Panamaya 1 cavabsız qolla qalib gəlib – 1:0. İngiltərə-Qana matçında hesab açılmayıb – 0:0.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

media-ads_728_90
Paylaş