Sumqayıtda partlayış olan binada dağıntılar altından 3 nəfər sağ çıxarılıb - RƏSMİ
Bu gün saat 06.42-də FHN-in “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyli küçəsində 19-cu binada baş verən partlayış hadisəsi ilə bağlı Sumqayıt Regional Mərkəzinin Operativ Məlumat Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
“TV1” xəbər verir ki, bunu FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev bildirib.
O qeyd edib ki, hadisə yerinə FHN-in Xüsusi Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri də cəlb edilib:
“İndiyədək 3 nəfər dağıntılar arasından çıxarılaraq xilas edilib, həmin şəxslər aidiyyəti üzrə təhvil verilib. Əməliyyat-axtarış işləri davam etdirilir”.
Onun sözlərinə görə, dağıntılar arasında qalanların olması ehtimalı var, axtarışlar davam etdirilir.