Təyyarə qəzasında xəsarət alan 18 nəfərlə bağlı - AÇIQLAMA
Aktau yaxınlığında qəzaya uğramış AZAL aviaşirkətinin təyyarəsinin 18 sərnişini Manqıstau vilayət xəstəxanasında qalır.
“TV1” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Məlumatlarda qeyd olunur ki, onlardan beşi reanimasiyadadır – dördü ağır vəziyyətdə, bir qadın isə son dərəcə ağır vəziyyətdədir, sərnişinlərdə ən çox rast gəlinən xəsarətlər sınıqlar, qarın boşluğu, ağciyər travmaları, həmçinin açıq və qapalı kəllə-beyin travmalarıdır.
Ümumilikdə, təyyarə qəzasından sonra xəstəxanaya 27 nəfər yerləşdirilib.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub. AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Baş vermiş hadisəni araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər. Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Bu barədə Prezidentin mətbuat xidmətinin məlumatında deyilir. Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır. Artıq Prezidentin göstərişilə Baş nazir Əli Əsədovun rəhbərliyilə qəzanın araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılıb. Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.