Kasım-Jomart Tokayevin tapşırığı ilə təyyarə qəzasına görə Dövlət Komissiyası yaradılıb - Cinayət işi açılıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Dövlət Komissiyası yaradılıb.
“TV1” xəbər verir ki, Komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.
Artıq Kanat Bozumbayev hadisə yerinə yola düşüb.
Eyni zamanda, təyyarənin qəzaya uğraması ilə Nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.