Ünal Üstel: Şimali Kipr Azərbaycanla birbaşa reyslərin tezliklə açılacağına ümid edir
Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında birbaşa çarter reyslərinin tezliklə açılacağına ümid edirik.
“TV1” xəbər verir ki, bunu ŞKTC-nin Baş naziri Ünal Üstel Azərbaycana səfəri çərçivəsində Şimali Kipr türk Cümhuriyyətinin “İçərişəhər”də keçirilən Mədəniyyət Günlərinə həsr olunmuş tədbirdə çıxışında bəyan edib.
O bildirib ki, Azərbaycan və ŞKTC arasında çarter reyslərinin açılması məsələsində əhəmiyyətli irəliləyiş əldə olunub:
“Azərbaycanın Baş naziri Əli Əsədov və aidiyyəti nazirliklərlə aparılan müzakirələr nəticəsində Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında çarter reyslərinin açılması məsələsində mühüm mərhələyə çatılıb. İnanıram ki, imzalayacağımız əməkdaşlıq müqavilələri ilə birlikdə ən yaxın zamanda müntəzəm çarter reyslərinin açılmasının şahidi olacağıq”.
Yeni aviareysin yalnız nəqliyyat marşrutu deyil, turizm, ticarət, təhsil və qardaşlıq əlaqələrinin inkişafına töhfə verən körpü olacağını vurğulayan Ü.Üstel Azərbaycan və ŞKTC arasında münasibətlərin bundan sonra da güclənəcəyini bəyan edib.
Mətanət Əliyeva








