“Azərbaycan və ŞƏT: Dialoq tərəfdaşlığından müşahidəçi ölkə namizədliyinə doğru” kitab paraqrafı Çində nəşr edilib
Vüsal Quliyevin müəllifi olduğu “Azərbaycan və ŞƏT: Dialoq tərəfdaşlığından müşahidəçi ölkə namizədliyinə doğru” adlı kitab paraqrafı Çin Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən nəşr edilib.
“TV1” xəbər verir ki, Çin dilində yazılmış məqalədə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə dinamik şəkildə inkişaf edən əlaqələri, eləcə də onun dialoq tərəfdaşlığından müşahidəçi dövlət statusuna mümkün keçidi müfəssəl şəkildə regional təsirləri nəzərə alaraq təhlil edilir.
Məqalənin əsas məzmunu ondan ibarətdir ki, ŞƏT ilə əlaqələr Azərbaycan üçün yalnız diplomatik əməkdaşlıq deyil, həm də iqtisadi inkişafın sürətləndirilməsi, tranzit potensialının artırılması və ölkənin qlobal geosiyasi mövqeyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Müəllifin fikrincə, ŞƏT-lə əlaqələr Azərbaycan üçün həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. ŞƏT məkanına daxil olan geniş bazar, artan ticarət imkanları və investisiya axınları ölkənin iqtisadi şaxələndirmə strategiyasına mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycan öz coğrafi mövqeyindən istifadə edərək Avropa ilə Asiyanı birləşdirən əsas tranzit və logistika mərkəzinə çevrilməyi hədəfləyir. ŞƏT çərçivəsində əməkdaşlıq Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutlarının inkişafını dəstəkləyir və ölkənin Avrasiya ticarətində rolunu gücləndirir.
Müəllifin vurğuladığı əsas məqamlardan biri də geosiyasi baxımdan ŞƏT-in Azərbaycan üçün mühüm platforma olmasıdır. Çin, Rusiya və Mərkəzi Asiya ölkələrinin daxil olduğu bu təşkilatla əlaqələr Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir və ona müxtəlif güc mərkəzləri arasında balanslı, çoxvektorlu xarici siyasət aparmaq imkanı yaradır. Eyni zamanda, enerji və yaşıl inkişaf sahəsində əməkdaşlıq da xüsusi önəm daşıyır. Azərbaycan bərpaolunan enerji layihələrini genişləndirərək yeni texnologiya və investisiyalar cəlb etməyə çalışır.
Məqalədə rəqəmsal transformasiya və innovasiya da əməkdaşlığın vacib istiqamətlərindən biri kimi təqdim edilib. Süni intellekt, rəqəmsal infrastruktur və texnologiya sahələrində tərəfdaşlıq Azərbaycanın modernləşmə prosesini sürətləndirir. Bundan əlavə, ŞƏT təhlükəsizlik sahəsində də əməkdaşlıq platforması kimi çıxış edir və terrorizm, ekstremizm kimi təhdidlərə qarşı birgə fəaliyyət imkanları yaradır.








