media-1200x100

Azərbaycanda elektrik avtomobillərinin idxalı artıb

media-ads_728_90

“Son üç ildə Azərbaycanda elektrik avtomobillərinin idxalı təxminən 33 dəfə artıb”.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.

“Azərbaycanda elektrik avtomobillərinin idxalı əhəmiyyətli dərəcədə artaraq, son üç ildə 160 avtomobildən 5 min avtomobildən də çox səviyyəyə çatıb ki, bu da təxminən 33 dəfə artım deməkdir. Başqa bir mühüm nailiyyət idxal olunan avtomobillər bazarında elektrik avtomobillərinin payının artmasıdır. Bu pay 0,22 faizdən 4,37 faizə yüksəlib ki, bu da ekoloji təmiz nəqliyyata keçidin əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu göstərir”, – deyə o bildirib.

O bildirib ki, hazırda ölkədə 600-dən çox elektrik doldurma qurğusu quraşdırılıb ki, onların 70 faizindən çoxu özəl sektor tərəfindən təmin edilib.

“Ekoloji cəhətdən təmiz avtomobillərin istifadəsini stimullaşdırmaq üçün biz 2022-ci ilin yanvarında ƏDV-dən 18 faizlik azadolma tətbiq etdik. Bu azadolma yalnız elektrik və hibrid avtomobillərin gömrükdən keçirilməsi və satış dəyərinə deyil, həm də elektrik avtomobilləri üçün doldurma qurğularının idxalına da şamil edilir. Bu, dayanıqlı mobillik üçün fasiləsiz təchizatı təmin edir. 2022-ci ilin dekabrında isə elektrik avtomobillərinin idxalına 15 faizlik gömrük rüsumundan azadolma tətbiq etdik. Bundan əlavə, bank sistemində elektrik avtomobilləri üçün ilkin ödəniş məbləği 40 faizdən 10 faizə, hibrid avtomobillər üçün isə 20 faizə endirildi ki, bu da onların maliyyə baxımından daha əlçatan olmasına imkan yaradır”, – deyə G.Cavadova vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

media-ads_728_90
Paylaş