Qarabağ müharibəsinin zərif qəhrəmanı, bədənində qəlpələrlə yaşayan Xalq artisti Şükufə Musayeva - EKSKLÜZİV MÜSAHİBƏ/FOTO
“Ölkədə müharibə başlamışdı, qızğın döyüşlər gedirdi. Arxa cəbhədə dayana bilməyəcəyimi anladım və könüllü olaraq döyüşə yollandım”.
Bu sözləri bu gün “TV1”-in qonağı olan Şuşa Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Şükufə Musayeva bizimlə söhbətində bildirdi.
O, Şuşa Mədəni-Maarif Texnikumunun dram fakültəsinə qəbul olunub və təhsil illərində xalq teatrında səhnəyə qoyulan tamaşalara dəvət alıb. Texnikumu bitirəndən iki il sonra Şuşa Dövlət Dram Teatrı açılır və onu işə qəbul edirlər. Bu həmin dövr idi ki, ermənilər bizə qarşı ərazi iddiasına başlamışdılar. Doğma torpağın müdafiəsinə qalxan Şükufə xanım könüllü olaraq yeni yaradılmış Milli Ordu sıralarına yazılır və onun döyüş yolu başlayır.
“Avtomat atmağı orta məktəbdə hərbi dərsdə öyrənmişdim. Məktəb vaxtı hədəfə atəş açmaqda oğlanlardan daha sərrast atırdım. Ona görə bir müddət qərargahda dəftərxana işləri ilə məşğul olandan sonra atıcı kimi fəaliyyətə başladım. Bizim “Turan” batalyonunda məndən başqa daha iki qadın da var idi, lakin digər batalyonda zərif cinsdən olan xeyli döyüşçü vuruşurdu”.
“Ermənilərin vəhşiliklərinə biganə qalmaq olmazdı. Torpaq od içində yanırdı. İlk döyüşüm Laçın rayonun Anakirs kəndi uğrunda olub. Sonralar Ağdərə rayonunun Ballıqaya və ətraf kəndlərin yaraqlıların hücumundan müdafiə edənlərin sırasında olmuşam. O vaxt qorxu hissinin nə olduğunu bilmirdim. Ancaq döyüşmək, soydaşlarımıza edilən zülmün intiqamını almaq istəyirdim. Üstümdə qumbara gəzdirirdim. Əsir düşsəm, düşmənə təslim olmamaq üçün özümü partlatmağa hazır idim. Lakin bu, baş vermədi, ancaq Sərsəng su anbarı uğrunda gedən döyüşdə çox ağır yaralandım və təəssüf ki, döyüş yolum yarımçıq qaldı”, – deyə Şükufə xanım döyüş günlərini xatırlayır.
Sonra həmsöhbətim 1993-cü il martın 3-də baş verən döyüşlərdən danışdı: “Ermənilər hücuma keçmişdilər. Hücumu dəf etməyə çalışırdıq. Bizdən irəlidə gedən batalyonun əsgərləri xəbər gətirdilər ki, çoxlu itkilərimiz var, təcili kömək lazımdır. Əsgərlərlə birlikdə köməyə getdim, yaralıların bir neçəsini döyüş meydanından çıxardıq. Şəhid olmuş əsgəri xərəkdə gətirib döyüş yoldaşım Şakir Salahova verdim. Həmin an dəhşətli partlayış səsi gəldi. Ermənilərin atdığı mərmilərdən biri Şakirin bədənindən keçib BMP-yə girmişdi. Mənim bədənimə isə çoxlu qəlpələr doldu. Huşumu itirdiyimdən nə baş verdiyini xatırlamıram. Həmin döyüşdə iki nəfər şəhid oldu, 8 nəfər isə ağır yaralandı”.
Şükufə xanım uzun müddət müalicə olunub. O, yenidən cəbhəyə getmək istəsə də həkimlər bunun mümkünsüzlüyünü bildiriblər.
Həmsöhbətim həmin çətin günləri belə xatırlayır:
“Gözümü açanda xəstəxanada idim. Bədənimi qəlpə yaralamış, üzümü parça-parça eləmişdi. Başımdan, gözlərimdən, qarnımdan və ayaqlarımdan yaralanmışdım. Həkimlər sağlamlığım haqqında ən bədbin proqnozlar vermişdilər. Həqiqətən də üz-gözüm tanınmaz hala düşmüşdü. Bədənimdə təxminən yüzə yaxın qəlpə yarası var idi. Dırnaqlarıma, hətta bəbəyimin ağına da qəlpə dolmuşdu. Üç gün huşsuz vəziyyətdə olmuşam. Üstəlik beyin çatı baş vermiş, qulağımın pərdəsi dağılmışdı. Saatlarla əməliyyat aparılandan sonra xoş təsadüf nəticəsində sağ qalmışam. Əməliyyatdan sonra həkimlər heç vaxt ana ola bilməyəcəyimi dedilər”.
Şükufə Musayeva İkinci dərəcəli əlillik alıb. Bir müddət sonra isə o, özündə güc tapıb və çox sevdiyi teatra geri dönüb. Hazırda Şuşa Dövlət Musiqili Dram Teatrında aktrisa və Xırdalan Mədəniyyət Mərkəzində rejissor kimi çalışır.
Şükufə Musayeva həmçinin Qarabağ müharibəsindən bəhs edən “Bu yol nə uzun yoldur” adlı şeirlər və “Cənnət nağılı” adlı nağıl və hekayələr kitablarını nəşr etdirib, müharibədən bəhs edən tamaşalarda səhnə alıb.
Müsahibim sonda 44 gündə qazanılmış böyük Zəfərlə bağlı fikirlərini bölüşdü: “Vətən müharibəsində qazanılan Qələbə mənim bu günə qədər sızlayan yaralarıma məlhəm oldu. Çox sevdiyim Şuşanı dörd dəfə ziyarət etmişəm. Bu şəhər gözəlliyi ilə yanaşı, həm də gənclik illərimin bir parçası olaraq mənə doğmadır. Onun qoynuna həmişəlik qayıdacağımız günü gözləyirəm”.
Şükufə Musayeva Xocalı faciəsi ilə bağlı “Qanlı tarix” pyesini yazıb və Xırdalan Mədəniyyət Mərkəzində səhnələşdirib. Bundan başqa, o , “Külü qalan Xocalı” və “lay-lay Xocalı” əsərlərini də səhnəlşdirib. Hazırda isə 44 günlük savaşda Azərbaycan Ordusunun qazandığı Zəfərlə bağlı əsər üzərində çalışır.
Qeyd edək ki, Şükufə Musayeva 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə isə Xalq artisti adına layiq görülüb. 2013-cü ildə isə o, “Tərəqqi” medalı alıb.
Mətanət Əliyeva