Xankişi Bəxtiyar: “Dediyin söz gərək cır meyvənin kalı kimi bazarda qalmasın, alanı olsun” - MÜSAHİBƏ
Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə doktoru, şair Xankişi Bəxtiyardır.
– Xankişi müəllim, 130-dan çox elmi əsərin, 5 şeirlər kitabının, bir çox monoqrafiyanın müəllifisiniz. Öncə yaradılığınızla bağlı oxucularımıza məlumat vermənizi istərdik.
– Yazılarım qardaş Türkiyənin “BENGİ Dünya Yörük-Türkmen Araştırmaları Dergisi”ndə, “Dünya İnsan Bilimleri Dergisi”ndə, “DÜMAD – Dünya Multidisipliner Araştırmalar Dergisi”ndə, Rumıniyada nəşr olunan və Web of Science və Scopus bazasına daxil olan “Revista de etnografie şI folclor / Journal of ethnography andfolklore” jurnalında, eləcə də Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, Başqırdıstanda və digər ölkələrin nüfuzlu elmi jurnallarında nəşr olunur. Yeri gəlmişkən, həm də “BENGİ Dünya Yörük-Türkmen Araştırmaları Dergisi” və “Dünya İnsan Bilimleri Dergisi”nin uluslararası editörler kurulunun üzvüyəm.
– Söz deməyin çətinliyini, ağırlığını, yükünü yaxşı duyursunuz.
– Dünyada ən çətin sənət söz sənətidir. Söz deməyin çətinliyini, ağırlığını, yükünü, məsuliyyətini yaxşı başa düşən, duyan, anlayan, hiss edən, sözün əl-qolunu bağlayıb, qul bazarına sürükləməyən, ağsaqqallar, ustadlar qarşısında söz deməyin nə demək olduğunu dərk edən bəndələrdənəm. Düşünürəm ki, dediyin söz gərək cır meyvənin kalı kimi bazarda qalmasın, alanı olsun. Yoxsa sözün ki, alanı olmadı, onu deməyin nə mənası? Söz ki, dadlı, duzlu, ləzzətli, şirin olmadı, söz ki, cana kərə yağı kimi yayılmadı, onu deməyim nə manası? Söz ki, deyilən kimi rəngi-rufu qaçdı, saraldı, soldu, bədrəng oldu, baxmayaraq ki, bədrəng özü də bir rəngdir, heç onu da deməsən məsləhətdi. Bununla belə üç şeydən qorxuram: bir Allahın xofundan, bir “söz”ün xofundan, bir də ağsaqqalların, ustadlarıın xofundan.
– Elmi yenilikləriniz haqqında da fikirlərinizi eşitmək istərdik.
– İlk dəfə olaraq şeirin “tərsimə törəmə” formasını yazmışam. Onu da qeyd edim ki, dünyada üç nəfər törəmə yazır, biri Şamil, biri Mürvət, biri mən. Şamil deyəndə böyük şairimiz Şamil Dəlidağı, Mürvət deyəndə isə Mütrvət Qədimoğlunu nəzərdə tuturam. Bu günə qədər atalar sözlərinin heç bir mənbədə rast gəlinməyən on beşə qədər yeni modellərini tədqiq etmişəm. Bu modellərdən dördü haqqında Web of Science və Scopus bazasına daxil olan “Revista de etnografie şI folclor / Journal of ethnography and folklore” jurnalında böyük həcmli məqaləm nəşr olunub.
– Yeni modellər hansılardır?
– 1. Dodaqdəyməz atalar sözləri; 2. Əvvəl-axır atalar sözləri; 3. Dildönməz atalar sözləri; 4. Çoxyarpaq atalar sözləri. Bu barədə bir qədər ətraflı deyim:
Dodaqdəyməz atalar sözləri. Fikir verdinizsə, ədəbiyyatda belə terminlər yoxdur və bunlar ilk dəfə ədəbi aləmdə mənim tərəfimdən işlədilir. Qısaca deyim ki, “Dodaqdəyməz” şeirlər haqqında ədəbiyyatda bir-birindən fərqli yanaşmalara rast gəlirik. Yəni söhbət dodaqdəyməzlərdə işlədilməyən hərflərdən gedir. Demək olar ki, əksər ədəbiyyatlarda dodaqdəyməzlərdə işlədilməyən həmin hərflər aşağıdakılar göstərilir: qoşa dodaq samitləri m, b, p və v, f samitləri. Bəzi mənbələrdə “z” diş samitini də bu sıraya daxil edirlər. Əslində bizə elə gəlir ki, bu samitin dodaqdəyməzlərə aidiyyəti yoxdur və klassik ədəbiyyatlarda dodaqdəyməz nümunələrin hamısında “z” samitinin iştirakını görürük. Şamil Dəlidağ isə doğru olaraq qeyd edir ki, dodaqdəyməzlərdə mütləq şəkildə m, b, p, v, f, o, ö, u və ü hərflərinin heç biri işlədilməməlidir. Göründüyü kimi, klassik ədəbiyyatlarda göstərilən dodaqdəyməz m, b, p, v, f samitlərinə o, ö, u və ü saitləri də əlavə olunur. – O, ö, u və ü saitlərinin tələffüzündə dodaqlar xeyli tərpənir və deformasiyaya uğrayır. Odur ki, bəlkə də “dodaqdəyməz” ifadəsinin yerinə “dodaqtərpənməz” ifadəsi işlənsə, daha yaxşı olar. Yeri gəlmişkən, “dodaqdəyməz” termini XIX əsrdə güney, qüzey Azərbaycan və Osmanlı Türkiyəsi ərazilərində Şeyx Alı, Təcnis Alı kimi yüksək bilici titulu ilə adı çəkilən Aşıq Alının, təcnis isə Dirili Qurbaninin adı ilə bağlıdır. Dodaqdəyməz türk dilində “ləbdəyməz” də adlanır. Onu da qeyd edək ki, klassik dodaqdəyməzlərin heç birində yuxarıda qeyd olunan doqquz hərfin heç birinə rast gəlmirik. Təəssüf ki, son zamanlar yazılan dodaqdəyməzlərdə bu qanun pozulur və o, ö, u və ü hərfləri həmin nümunələrdə öz əksini tapır. Bir daha qeyd edirik ki, bu yolverilməzdir. Əgər yolverilən olsaydı, onda ustadlarımız Aşıq Ələsgər də, Aşıq Alı da, Şamil Dəlidağ da bundan istifadə edərdilər.
– Bəs dodaqdəyməz şeirlərin atalar sözlərinə nə aidiyyəti var?
– Məsələ burasındadır ki, atalar sözlərinin çoxu qısa şeir parçalarıdır. Bu barədə mərhum folklorşünas P.Əfəndiyev yazır: “Atalar sözü və məsəllərin əksər hissəsi nəzm şəklindədir. Bunlar müxtəlif hecalı gözəl, təsirli, bədii cəhətdən kamil parçalardır, yəni şeir nümunələridir. Ona görə şeirlərə aid olan nə varsa, hamısı atalar sözlərinə də aiddir. Araşdırmalar göstərir ki, kəlаmlаr gülşəninə bənzəyən Azərbaycan və Türk atalar sözlərində kifayət qədər nümunələr var. Məsələn, Allahdan gizlin deyil, sizdən nə gizlin; Ana haqqı – Tanrı haqqı; Anadan əziz yenə anadır; Ata-ana ikinci Allahdır; Əcəl Allahdan gələr; Haqq haqqı kəssə, Allah hər ikisini kəsər; Xeyir Allahdan, şər şeytandan; Tək Allahın adıdı; Təklik Allaha yaraşar; Ala it çaqqalın dayısıdır və s. Beləliklə, ümumtürk folklorunun tərkib hissəsi olan “dodaqdəyməz” nümunələrin çoxçeşidli olmasının şahidi oluruq. Bu da sözün həqiqi mənasında folklorşünaslığımız üçün yeni bir hadisə, yeni bir nümunə, fərqli bir əqli-mənəvi diskurs, yeni bir düşüncə paradiqması, milli-energetik düşüncə sistemimizin etnokosmik davranış kodlarından biridir. Sözsüz ki, qeyd edilənlər Türk və Azərbaycan etnokulturoloji düşüncə sisteminin mahiyyətini və beləliklə, dünyanın fenomonoloji idrakla müəyyənləşən qanunlarını təsəvvür və dərk etmək baxımından çox maraqlıdır.
Əvvəl-axır atalar sözləri – “Əvvəl-axır atalar sözləri” termini də ilk dəfə olaraq bizim tərəfimizdən işlədilir. Məlumdur ki, aşıq ədəbiyyatının geniş yayılmış zəngin və rəngarəng növlərindən biri də “əvvəl-axır” şeir formasıdır. Çox zaman qoşma, təcnis, gəraylı, rübai, müxəmməs, bayatı, divani və s. janrlarda olan şeirlərdə misra hansı hərflə başlayırsa, həmin hərflə də bitir. Belə şeirlərə bəzən “hərf üstə” şeir də deyilir. Folklorşünaslar qeyd edirlər ki, elə bir ciddi yasaq qoyulmasa da, əvvəl-axır şeirlər, adətən, samit səslər əsas götürülməklə qurulur. Amma sait səslərlə başlayan “əvvəl-axır” şeirlər də kifayət qədərdir. “Əvvəl-axır” şeirlər ən çox aşıq məclislərində deklomativ şəkildə deyilsə də, saz havalarının müşayiəti ilə oxunması da qadağa deyil. “Əvvəl-axır” şeirlərin ən gözəl nümunələrinə Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Molla Cümə, Hüseyn Şəmkirli, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı, Şamil Dəlidağ, Mürvət Qədimoğlu və başqa şairlərin yaradıcılığında rast gəlirik. Bəs görəsən, “əvvəl-axır” başqa folklor nümunələrinə, məsələn, atalar sözlərinə də aiddir? Yuxarıda qeyd etdiyim kimi, atalar sözləri özləri kiçik şeir parçalarıdır. Araşdırmalar göstərir ki, həm Azərbaycan, həm də Türk atalar sözlərində “əvvəl-axır”lar kifayət qədərdir. Bu da təbii ki, qədim türk-oğuz tayfalarının zövq zənginliyinə, onun ideya-estetik qloballığına, eləcə də kosmik masştabına dəlalət edir. İndi Azərbaycan atalar sözlərindən bəzi nümunələrlə tanış olaq: Abır harda, çörək оrda; Adamın dəlisi daşa güc eylər, öküzün dəlisi – başa; Ağac sınanda baltalı da gələr, baltasız da; Allahsız yerdə оtur, böyüksüz yerdə оturma; Çörək boğazında qaldı – su iç, su boğazında qaldı – yağ iç, yağ boğazında qaldı – kəfəni biç və sair. Dildönməz atalar sözləri – “Dildönməz” dilin dönməsinə səbəb olan “l” və “r” samitlərindən istifadə olunmayan sözlərdən yaranan şeirlərə verilən addır. Hər iki dilə mənsub sözlərin böyük əksəriyyətində “l” və “r” samitləri olduğu üçün şeirin dildonməz formasını yaratmaq çox çətindir. Tədqiqatçıların qənaətinə görə Azərbaycan və Türk ədəbiyyatında yalnız bir dildönməz şeirə təsadüf edilir. O da Aşıq Ələsgərin adı ilə bağlıdır. Əslində həmin “dildönməz” qüsurludur və şeirin müxtəlif bəndlərində tələb olunan şərtlər pozulur, yəni “l” və “r” hərfləri işlədilir. Beləliklə, ədəbiyyatda “dildönməz” şeirlərin yazılmadığı məlum olur. Hər halda bu həqiqətdir. Dildönməz şeirləri ilk dəfə mən yazmışam və 2022-ci ildə Bakıda “Yüzə-yüz”, “Ən cəsur komandan bizim komandan” kitablarında və Türkiyədə, Rumıniyada elmi jurnallarda çap olunub.
Çoxyarpaq atalar sözləri – Bu terminə də “dodaqdəyməz atalar sözləri”; “əvvəl-axır atalar sözləri” və “dildönməz atalar sözləri” kimi heç bir mənbədə rast gəlinmir və ilk dəfə bizim tərəfimizdən işlədilir.
“Çoxyarpaq” şeirlərdə misralar bir-biri ilə əvvəldən axıra kimi öz aralarında çarpaz qafiyələr üzərində qurulur və bu şərtlər sona qədər bütün bəndlərdə gözlənilir. Əlbəttə, dilin incəliklərinə, onun lüğət tərkibinin zənginliyinə yaxından bələd olmadan belə nümunələri yaratmaq çox çətindir. “İkiyarpaq” / “Qoşayarpaq” şeirlərə XIX əsrdə Dərbənd tərəflərdə yaşamış və Kor aşıq adı ilə tanınmış Aşıq Rəcəbin, Aşıq Ələsgərin, Hüseyn Cavanın, Molla Cümanın, Şamil Dəlidağın və digər ustad sənətkarların yaradıcılığında rast gəlirik. “Çoxyarpaq” şeirlərə isə yalnız Şamil Dəlidağ yaradıcılığında rast gəlinir. Həm Azərbaycan, həm də Türk atalar sözlərində “çoxyarpaq”lar, xüsusən “qoşayarpaqlar” və “üçyarpaqlar” kifayət qədərdir. Qeyd edək ki, “üçyarpaq” şeirlərdə qafiyələrin sayı üçə, “beşyarpaq” şeirlərdə beşə, “altıyarpaq” şeirlərdə isə altıya bərabər olur. Əlbəttə, “üçyarpaq” şeirlər yazmaq asan olsa da, beşyarpaq, altıyarpaq şeirlər də yazmaq olar, amma bu iş bir qədər zəhmət tələb edir. “Çoxyarpaq” atalar sözlərinin semantik təbiətinin tədqiq edilməsi çox vacibdir. Zənnimcə, bu da atalar sözləri və məsəllərinin yeni bir biçimdə, yeni bir konteksdə tədqiqi baxımdan maraqlı olduğu kimi, həm də aktualdır. Belə yeni modellər çoxdur. Sadəcə olaraq onların bəziləri haqqında məlumat verdik.
– Sonda isə “Zəfərin mübarək cənab komandan” şeirinizdən danışaq. Bu şeir qardaş Türkiyədə də çox sevilir. Şeirin yaranma tarixi maraqlıdır, oxucularımıza bu barədə məlumat verərdiniz.
– Ali Baş Komandanın Zəngəzurdan, Laçından, Xocavənddən, Xankəndidən, Hadrutdan yeni-yeni xoş xəbərlər verməsi, illərdir həsrət qaldığımız torpaqlarımızda Azərbaycan bayrağını qaldırması, şəhidlərimizin qisasını alması, yağı düşmənin ağ bayraq qaldıraraq baş əyməsi ürəyimə yağ kimi yayılırdı. İşğaldan azad olunmuş torpaqlarımızdan azan səsi gəlməsi isə başqa aləmdi. Sadaladıqlarım bu şeirin yaranmasına səbəb oldu.
-Bütün dünya bu gün Sizdən danışır,
Zəfərin mübarək, cənab Komandan!
Qansız düşmən qarşınızda baş əydi,
Zəfərin mübarək, cənab Komandan!
Qatı açılmayan xəbərlər gətir,
Nəğməli gecələr, səhərlər gətir,
Zəngəzurdan təzə zəfərlər gətir,
Zəfərin mübarək, cənab Komandan!
Kipriyində nəm görməyim heç vədə,
Zərrə qədər qəm görməyim heç vədə.
Taleyini kəm görməyim heç vədə,
Zəfərin mübarək, cənab Komandan!
Cıdır düzündəki çiçəklər deyir,
Ərgünəş dağında küləklər deyir,
Bunu mən demirəm, mələklər deyir,
Zəfərin mübarək, cənab Komandan!
Yoxdur bərabərin, yoxdur bənzərin,
Çətin gələ bir ölçüyə dəyərin.
Dünyanın bir yanın əyər ləngərin,
Zəfərin mübarək, cənab Komandan!
Hər bəndə dünyanı düz görə bilmir,
Düzün düz qiymətin düz verə bilmir.
Hər adam Sizintək kövrələ bilmir,
Zəfərin mübarək, cənab Komandan!
Kəm olmasın bağlarından heç barın,
Allah olsun hər bir zaman qoy yarın,
Aldı qisasını Mais Əliyarın,
Zəfərin mübarək, cənab Komandan!
Ərdoğantək qardaşın var, nə dərdin,
Şuşa kimi daş-qaşın var, nə dərdin.
Mehribantək sirdaşın var, nə dərdin,
Zəfərin mübarək, cənab Komandan!
Hər yetirən duya bilməz bu mehri,
Aça bilməz bu qıfılı, bu sehri.
Namaz qılıb, sonra yazdım bu şeri,
Zəfərin mübarək, cənab Komandan!
Vətən tarixindən inşamız olsun,
İlham da ömürlük paşamız olsun.
Bir gün paytaxtımız Şuşamız olsun,
Zəfərin mübarək, cənab Komandan!
Xankişi söyləyən axşamlar gəlməz,
Peyğəmbərlər gəlməz, imamlar gəlməz.
İmamlar gəlsə də, İlhamlar gəlməz,
Zəfərin mübarək, cənab Komandan!
Zəfərin mübarək, cənab Komandan!
– Maraqlı müsahibə üçün təşəkkür edirik.
– Sağ olun.